Nazir: “Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq var, bu istiqamətdə iş gedir”
Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq var, bu istiqamətdə iş gedir.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qeyd edək ki, müzakirələr zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirmişdi ki, Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında əsas səbəblərdən biridir.
Z.Oruc qeyd edib ki, əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb. “Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada toplaşıb. Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”, - deyə o əlavə edib.