Politoloq: “Azərbaycan işğaldan azad edilən bölgələrdə həyatı yenidən canlandırır”

Azərbaycan Prezidenti işğaldan azad edilən ərazilərdə böyük yenidənqurma işləri həyata keçirir.
Məcburi köçkünlərimizin öz torpaqlarına qayıdışı, orada həyatın bütün elementlərinin formalaşdırılması və insanların rahatlığının təmin edilməsi dövlətin prioritet vəzifələrindən hesab edilir. Azərbaycan dövləti yaxın gələcəkdə Qarabağda yaşayışın ən yüksək standartlarla bərpa edilməsini mühüm hədəf kimi müəyyənləşdirib. Hazırda Qarabağ təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası və region üçün mühüm strateji dəyərə malikdir. Qarabağa qayıdacaq insanlarımızın həyat standartlarının ən yüksək keyfiyyətdə təmin edilməsi Cənab Prezident tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu üzdən də qəbul edilən qərarlar, həyata keçirilən işlər vətəndaşlarımızın rahatlığı üçün edilir. Vətəndaş məmnunluğu Prezident İlham Əliyevin siyasi kursunda əhəmiyyətli yerə malikdir.
Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Tural İsmayılov bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planı ümumilikdə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan işləri ehtiva etməklə çevik siyasi iradəni özündə əks etdirir. Dövlət Proqramının ilk olmağı həm də növbəti proqramların da qəbul ediləcəyini deməyə əsas verir. Dövlət Proqramı həm Qarabağa dönəcək insanlarımızın bundan sonrakı fəaliyyətlərini, həm də bölgənin inkişafı üçün əzmlə çalışmağı tələb edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır. Cənab Prezident vandallığa məruz qalaraq xarabaya çevrilən yerlərdə möhtəşəm işlər həyata keçirir. Dövlət Proqramında bir çox sahələr əhatə olunub, yeniliklər göstərilib, Qarabağın regional dəyərini özündə göstərən vacib nünaslar əks etdirilib.
1news.az