“14 gün ödənişsiz məzuniyyət kişilərə sərf etmir”

Uşaq doğulandan sonra 14 gün ödənişsiz məzuniyyət kişilərə sərf etmir.
1news.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Sədaqət Qəhrəmanova bildirib ki, kişilərin uşağın tərbiyəsinə münasibəti dəyişməlidir, uşaq təkcə qadına aid deyil: “Uşağı birgə böyütmək lazımdır. Məktəblərdə valideyn iclaslarına kişilər, atalar getmir. Bu, aradan qalxmalıdır. Azərbaycanda gender bərabərsizliyi əsasən məktəblərdədir. Məktəblərdə kişi müəllimlər yoxdur. Oğlan uşaqlarının yetişməsində kişi müəllimlərin çox böyük rolu var. Bu gün qadın müəllimlər tərəfindən oğlan uşaqlarının tərbiyə olunması xoşagəlməz nəticələrə səbəb olur”.