Könül Nurullayeva: “BMT, AŞPA, ATƏT korsikalıların da hüquqlarını gündəmə gətirməlidir”

"Fransanın separatizmə yanaşmada ikili standartlar siyasəti korsikalılara münasibətdə özünü açıq şəkildə göstərir".
Bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva deyib
Deputat bildirib ki, Qarabağ separatçılarını yüksək səviyyədə dəstəkləyən, terrorçu Araik Aratunyanı qəbul edən Paris erməni separatçılarının vəkili qismində çıxış edir.
"İşğal dövründə də Qarabağda separatizmi dəstələyən Fransa vasitəçi ölkə olmasına baxmayaraq, bir dəfə də Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etmədi, bu istiqamətdə addımlar atmadı. Münaqişə başa çatdıqdan sonra isə daha da aqressivləşdi. 2020-ci ilin noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də sözügedən qətnamə müzakirə edilərək qəbul olundu. 2022-ci ilin moyabrında da Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul etdi. Bütövlükdə postmünaqişə dövründə qəbil edilən sənədlər Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir".
"Ziddiyyətli məqam budur ki, Azad Korsika Partiyasının 10-larla üzvü öz hüquqlarını tələb etdiyi üçün terrorçu qismində həbs olunur" - deyə, deputat fikirlərinə əlavə edib:
"Fransanın regionlarından biri olan Korsikada tam informasiya blokadası şəraitində Fransa hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatları adı altında repressiv tədbirlər həyata keçirilir. Korsikalıların milliyəti belə, pasportlarda “fransız” kimi yazılır. Məsələ burasındadır ki, sayı 350 min nəfər olan korsikalı millətçilər tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə öz hüquqlarının artırılmasını istəyirlər. Lakin Paris buna aqressiya ilə yanaşır və separatizmin yolverilməzliyini ən kəskin münasibətlə bəyan edir. 15-20 min nəfərlik erməni separatçılarının müstəqillik tələblərini isə “xalqlatın öz müqəddəratını təyinetmə prinsipi” ilə pərdələməyə çalışır.
Təəssüf ki, bu yanaşma beynəlxalq təşkilatlar tərəfindən də susqunluqla qarşılanır. Heç bir qurum Fransa hökumətinin Korsikadakı repressiya siyasətinə son qoymasını tələb etmir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu məsələyə diqqət yetirmir, halbuki vəziyyəti yerində araşdırmalıdır. Avropa Şurası Parlament Assambleyası da bu vaxta qədər Korsikaya müvafiq faktaraşdırıcı missiya göndərməyib.
Korsikadakı vəziyyət nədənsə bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmayıb. Görünən budur ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui istifadə edir. Eyni zamanda bu statusa zidd olaraq məsuliyyətsiz davranış sərgiləyir".