Azərbaycan-ABŞ Mədəniyyət Fondu mərhum İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-ABŞ Mədəniyyət Fondu mərhum İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edib

09:40 - 06 / 01 / 2023
Azərbaycan-ABŞ Mədəniyyət Fondu mərhum İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edib

(6 yanvar 2023-cü il, Los-Anceles, Kaliforniya) – Azərbaycan-ABŞ Mədəniyyət Fondu Azərbaycan parlamentinin 18 noyabr 2022-ci ildə İsrail dövlətində səfirliyin açılmasına qərar verməsi və Elm və Təhsil nazirinin müavini Muxtar Məmmədovun bu ölkədə ilk səfir təyin edilməsini alqışlayır. Bu xəbər təkcə Azərbaycanda deyil, İsraildə də müsbət qarşılanıb və İsrailin Azərbaycandakı səfiri Gorc Dik “Twitter” səhifəsində “Azərbaycanın İsraildəki ilk səfirini təbrik edirəm və uğurlar arzulayıram!” sözlərini yazmışdır.

Bu tarixi hadisə fonunda, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun (https://www.us-az-culturalfoundation.com/) İdarə Heyəti iki ölkə arasında son 15 ildə dostluq münasibətlərin daha da dərinləşməsində, eləcə də Azərbaycan həqiqətlərinin İsraidə təbliğində müstəsna rol oynamış mərhum israilli ictimai xadim və jurnalist Arye Qutun adına xüsusi mükafat təsis edib.

Hər il xüsusi mərasimdə təqdim olunacaq mükafat Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək şəxslərə və ya təşkilatlara təqdim olunacaq.

Xatırladaq ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qrinqer və ABŞ-ın “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kissin dəstəyi ilə ikinci Qarabağ müharibəsində yaralanmış Azərbaycanlı hərbçi Arif Hajıyev haqqında lentə aldıqları “Göz qırpımında” adlı sənədli film də Arye Qutun əziz xatirəsinə həsr olunub.

Fondun rəhbəri Nurit Qrinqer bildirib ki, 2022-ci ilin iyul ayında sonuncu dəfə Arye Qutla görüş zamanı Vətən müharibəsində ağır yaralanan qazi Arif Hacıyev haqqında sənədli film çəkilməsi ideyası ilə bölüşüb və Arye Qut bu təşəbbüsü dəstəkləyıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə görmə qabiliyyətini qismən itirmiş 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin israilli donor tərəfindən verilən göz və israilli həkim Yişhay Falikin icra etdiyi əməliyyat sayəsində görmə qabiliyyəti bərpa edilib.

Nəzərdə tutulub ki, Arye Qutun adını daşıyan mükafat 2023-cü ildə Azərbaycanda, Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunacaqdır.

Arye Qut haqqında:

Arye 15 ildən çox Azərbaycan və İsrail arasında münasibətlərin yaxınlaşmasına xidmət etmişdir və Azərbaycanda İsrailin xoşməramlı səfiri kimi tanınırdı.

1975-ci ildə Bakıda anadan olan Arye 2000-ci ildə İsrailə köçüb, oradan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinə rəhbərlik edib. O, Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olubdur.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər