Sumqayıtda məktəbsiz qalan şagirdlərin valideynlərindən etiraz

Sumqayıt şəhəri 36 nömrəli məktəbin valideynləri məktəbsizlikdən şikayətçidirlər.
1news.az xəbər verir ki, şikayətdə bildirilib ki, məktəb 4 il əvvəl təmirə bağlanıb. Pedoqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı köhnə türk liseyinin binasına köçürülüb. Lakin 4 ildir ki, məktəbin təmiri bitmir. Müəllim və valideynlərə də həmin məktəbin yenidən fəaliyyət göstərib-göstərməyəcəyi də deyilmir:
"Hər gün övladlarımızı səhər saat 06:30-dan öz hesabımıza təşkil etdiyimiz servizlərlə yola salırıq ki, uşaq dərsə vaxtında gedib çata bilsin. Bundan əlavə olaraq, hər gün bir şagirdin məktəbə gəlib getməsi üçün 1.50 azn pul ödəyirik. Elə ailə var ki, üç,dörd övladının məktəbə yola salır. Demək olar ki, çoxumuz az təminatlı ailələrik.
Dəfələrlə yeni məktəb binasının təmiri və ya inşası ilə əlaqədar məktəb rəhbərliyinə, Sumqayıt Şəhər Təhsil İdarəsinə və digər aidiyyatı qrumlara müraciətlər etmisik. Həmişə də eyni cavabı almışıq. "Məktəbimiz tikiləcək, gözləyin" deyib bizi yola salırlar. Hər il yanvar ayında məktəbimizin təmir-tikinti işlərinə başlanacağı barədə vədlər alırıq və nəticə göz qabağındadır. Biz xahiş edirik ki, bizə Elm və Təhsil Nazirliyi bu barədə rəsmi bir açıqlama versin. Burada söhbət 1000-ə yaxın şagirdin və 100-lərlə pedaqoji işçinin taleyindən gedir", deyə şikayətdə məktubunda qeyd edilib.
Məsələ barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli məktəb 1989-cu ildə tikilib və istifadəyə verilib:
“Məktəb 1296 şagird yerlikdir. Yaranmış qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb. Şagirdlərin məktəbə gediş-gəlişlərini rahat və təhlükəsiz formada təmin etmək məqsədi ilə yaxın günlərdə ödənişsiz servis xidməti təşkil olunacaq”.
“Bununla yanaşı bildirmək istərdik ki, məktəbin binasının əsaslı təmiri bu ildə nəzərdə tutulub”, - deyə qurumdan qeyd edilib.