ADY sədri Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə toplantıda iştirak edib
Bu gün Qazaxıstanın Almatı şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
ADY-dan 1news.az-a verilən məlumata görə, görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.
Səfər çərçivəsində ADY sədri Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumlarının nümayəndə heyətləri ilə görüşüb. İkitərəfli görüşlərdə tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.