Yasamal Bələdiyyəsi Türkiyəyə humanitar yardım göndərib

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara soydaşlarımızın yardım kampaniyası davam edir.
Humanitar yardım kampaniyası çərçivəsində bu gün paytaxtın Yasamal bələdiyyəsinə aid yük avtomobili Türkiyəyə yola salınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a bildiriblər ki, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov göndərilən ləvazimatların əsasən isti paltarlar, istilik vasitələri, uzun müddət saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar və digər zəruri əşyalar olduğunu qeyd edib.
Onun sözlərinə görə, humanitar yardım kampaniyasına həm Yasamal rayonun sıravi sakinləri, həm də rayonda fəaliyyət göstərən sahibkarlar və vətəndaş cəmiyyətinin fəalları qoşulub. ”Bir millət, iki dövlət” şüarı ilə Yasamal Bələdiyyəsinin təşəbbüsü ilə toplanan humanitar yardım faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırılacaq.