100-dən çox Azərbaycan gənci Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət edib - FOTO
Ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan 100 nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edib, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb və digər dəstəkverici xidmətləri göstəriblər. Könüllülər həmçinin onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.
Qeyd edək ki, episentri Türkiyənin Kahramanmaraş bölgəsində olmaqla, 7.7 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Türkiyənin 10 şəhərində dağıntılar olub, hazırkı məlumatlara görə, 41 mindən çox ölən var.