Şagird davranış qaydalarının pilot tətbiqinə başlanılıb - “Çıxışa doğru”da MÜZAKİRƏ

Şagird davranış qaydaları ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir.
Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından başlayaraq “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib.
Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Şagird davranış qaydalarının pilot tətbiqinə başlanılıb" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Orxan Abbasov - ETN-in ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini, Nurlan Əliyev - DİN mətbuat xidmətinin əməkdaşı, Şahin Rəcəb - Azərbaycan Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru, kulturoloq, Nərmin Abbasova - “Məktəblinin Dostu” layihəsinin psixoloji mərkəzinin psixoloqu və Rüfət Əsədzadə - ETN yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: