İTV-dən Əli Nurun müsahibə verərkən canlı yayımın kəsilməsinə CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

İTV-dən Əli Nurun müsahibə verərkən canlı yayımın kəsilməsinə CAVAB

12:35 - 22 / 02 / 2023
İTV-dən Əli Nurun müsahibə verərkən canlı yayımın kəsilməsinə CAVAB

Mərhum aktyor Ramiz Novruzun dəfn mərasimi zamanı İTV-nin youtube kanalında aktyor Əli Nur müsahibə verərkən, canlı yayımın kəsilməsi barədə sosial şəbəkədə yayılan iddia tamamilə yanlışdır.

1news.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti sosial şəbəkədəki səhifələrində məlumat yayıb.

“Bunu həmin canlı yayımın linkinə daxil olaraq görmək mümkündür. Videodan göründüyü kimi Əli Nur fikrini tamamlayıb və yayım bundan bir müddət sonra dayandırılıb, aktyorun çıxışının kəsilməsindən söhbət belə gedə bilməz. İstənilən halda, izləyicilər bu videoya baxaraq öz qərarlarını verə bilərlər. “Youtube” üzərindən canlı yayımlar zamanı yayımın dayandırılması və yenidən açılması adi haldır. Bu texniki məsələlər, o cümlədən kamera və canlı yayım avadanlığında batareyaların enerjisi zəiflədiyi üçün dəyişdirilməsi, internetin sürətində dəyişiklik olduqda, səslə bağlı qüsurlar yarandığı halda tənzimlənmənin aparılması ilə əlaqədar olur. Nəzərinizə çatdırırıq ki, dünən İTV-nin yutub kanalında Ramiz Novruzun vəfatı ilə bağlı 3 dəfə canlı yayım edilib” - açıqlamada deyilir.

Məlumatda həmçinin tənqidlərlə bağlı Mədəniyyət Nazirliyinin açıqlamasına da yer verilib:

“Yeri gəlmişkən, sözügedən videoya reaksiya olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.
Eyni zamanda, Mədəniyyət Nazirliyi dəfnin təşkilində yardımçı olub”.

Xatırladaq ki, Xalq artisti Əli Nur ötən gün Ramiz Novruzun dəfninin layiqli şəkildə təşkil olunmadığını söyləyib. O, sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud aktyorlar evindən götürüldüyünü deyərək, Mədəniyyət Nazirliyinə irad tutub.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər