Deputat: “Əgər keçmiş münaqişənin tənzimlənməsini istəyiriksə, belə danışıqlar önəmlidir”
Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Bəs görəsən keçirilən bu görüşün hansı əhəmiyyəti var?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, hərkəs bu məsələyə çox normal yanaşmalıdır.
“Əgər biz keçmiş münaqişənin tənzimlənməsini, Qarabağla bağlı mövcud problemlərin aradan qalxmağını istəyiriksə, o zaman bu cür danışıqlar və müzakirələr çox önəmlidir. O mənada önəmlidir ki, biz problemləri, çətinlikləri müzakirə etməli və qərara gəlib addımlarımızı ona uyğun atmalıyıq. Bu normal bir prosesdir, onlar bizim vətəndaşlardır. Orada əvvəlki dövrdə müəyyən problemlər olub, Bu gün onların aradan qaldırılması üçün müəyyən addımlar atılır və tədbirlər görülür. Bu çox normal məsələdir, yalnız alqışlamaq lazımdır”.
“Burada biri var Ermənistanın yanaşması, biri də var Azərbaycanın yanaşması” – deyə, deputat əlavə edib.
Bizim yanaşmamız ondan ibarətdir ki, onlar bizim vətəndaşlarımızdır. Bizim vətəndaşlarımız olduğuna görə də, biz onlarla bu dialoqu davam etdirməliyik. Bunun müsbət təsiri ondan ibarət olacaq ki, biz qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Onlara Azərbaycanın mesajları çatdırılır. Onlara bu məsələ xüsusi olaraq qeyd olunur ki, Azərbaycanın mövqeyi, Azərbaycanın yanaşması prinsipialdır. Onlar da bu prinsipial yanaşmanı mütləq nəzərə almalıdırlar. Mən hesab edirəm ki, bu görüşlərin müsbət təsirləri sonrakı dövrlərdə də mütləq şəkildə olacaq”.