ASCO-nun zəlzələ bölgəsinə göndərdiyi çadırlar quraşdırılıb - FOTO
Prezident İlham Əliyevin tapşırğına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) adından qardaş ölkə Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək üçün göndərilən çadırlar artıq quraşdırılıb.
ASCO-dan 1news.az-a verilən məlumata görə, 100 ədəd çadır Hatay şəhərinin Arsuz bölgəsində "Expo 21" sərgi mərkəzinin önündə yerləşdirilib.
Çadırların quraşdırılması ilə bağlı ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları Arsuzun səlahiyyətli nümayəndəsi Hasan Gökpınar ile görüşüblər və yardımlar barədə ona məlumat veriblər.
ASCO ailəsi faciə ilə əlaqədar Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.