Şöbə müdiri: Yenilənmiş “e-Tabib”in funksionallığı yalnız koronavirusla bağlı deyil
Artıq “e-Tabib” mobil tətbiqinin funksionallığı yalnız koronavirusla bağlı deyil.
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov deyib.
“Yenilənmiş tətbiq vasitəsilə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər”.
O deyib ki, vətəndaşlar tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri qiymətləndirə biləcəklər: “Bunun çox müsbət nəticələri var. İcbari Tibbi Sığorta və TƏBİB tərəfindən həmin tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyəti qiymətləndiriləcək. Məqsədimiz elektron tibbi xidmətləri vətəndaşlara daha əlçatan etməkdir. Tibbi xidmətin təşkilində, keyfiyyətin artırılmasında rəylərimizi bildirməkdir”.
Şöbə müdiri qeyd edib ki, tətbiqin ən vacib funksionallığından biri laborator analiz nəticələrinin əldə edilməsidir: “Vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər. Bununla yanaşı, tibbi sənədlərlə bağlı da funksionallıqlar əlavə olunub. Tətbiqdə, həmçinin agentliyə müraciət bölməsi var ki, vətəndaşlar oradan da müraciət edə bilərlər”.