Məzahir Pənahov Özbəkistanda referendumu müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.
Bu barədə 1news.az-a MSK-dan məlumat verilib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Konstitusiya Qanunu layihəsi üzrə 2023-cü il aprelin 30-da keçiriləcək referendumu müşahidə etməkdir.
Səfər çərçivəsində sədr Məzahir Pənahovun Özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, habelə referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə əlaqədar müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də Özbəkistanda referendumun müşahidəsində iştirak edirlər.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.