Su hövzələrindən sintetik torlar yığışdırılıb - FOTO
Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən 540 metr uzunluğunda 30 ədəd sintetik tor yığışdırılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 1news.az-a bildirib ki, balıqların kürütökmə dövrü ilə əlaqədar bu gündən, 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib.
Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.
Eyni zamanda, F.Əliyev vətəndaşlarımızı ETSN tərəfindən start verilən "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edib.