Şəhid anası: “Bir gecə yuxumda gördüm ki, Tural can verir” - MÜSAHİBƏ - FOTO
Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Tural Zahid oğlu Cuvarovun doğum günüdür.
1news.az-ın əməkdaşı şəhidimizin anası Samirə İbrahimova və atası Zahid Cuvarov ilə həmsöhbət olub.
- Samirə xanım, oğlunuz Tural necə bir övlad idi?
- Oğlum sakit, üzüyola, hamıya canyandıran bir oğlan idi. Çətinliklərlə böyümüşdü. Özüm I qrup əlil anayam, gözlərim görmür. Üstəlik də xəstəyəm. Tural həm ailəni dolandırır, həm də mənə baxırdı. Həmişə nazımı çəkirdi. Ürəyim istəyən şeyləri alırdı. Deyirdi, sənə mən baxacağam. Amma belə oldu. İndi mən bədbəxt bir anayam.
- Müharibəyə getdiyi günü necə xatırlayırsınız?
- Səfərbərliyə alınaraq orduya çağırılıb. O gedəndə mənim xəbərim olmamışdı. Qubadlıda olduğunu da məndən gizlətmişdilər.
- Bəs gedəndən sonra Turalla əlaqə saxlaya bilirdinizmi?
- Hə, danışırdıq. Həmişə danışanda halımı soruşurdu, deyirdi, haransa ağrımır ki? Deyirdim, yaxşıyam, narahat olma.
- Sonuncu dəfə danışanda nə dedi sizə?
- Axırıncı dəfə telefonla danışanda yenə vəziyyətimi soruşdu. Dedi, mən gəlməyəcəyəm, ay ana. Şəhid olacağam.
- Şəhid olduğunu necə eşitdiniz?
- Həmin günü siz necə xatırlayırsınız, Zahid bəy?
- Məndən o biri oğlum Orxanın nömrəsini istədilər. Onda şübhələndim. Dedim, Turala nə isə olub? Dedilər, yaralanıb. Oğlumun cənazəsini gecə saat 12-də gətirdilər. Həmin vaxt ürəyim gedib, bir də ayıldım ki, mənə dərman verirlər. Oktyabrın 26-ı şəhid olub, 27-i isə kəndə gətiriblər.
- Samirə xanım, oğlunuz heç yuxularınıza gəlirmi?
- Aradabir yuxularıma girir. Bir gecə yuxumda görmüşdüm ki, Tural can verir. Mənə "su ver, ölürəm" dedi. Bir dəfə telefonla danışanda demişdi ki, burada su tapılmır, çətinlik çəkirik. Yəqin o sözü qalıb ağlımda. Hərdən də səsi qulağıma gəlir. Yatağımın başına qoymuşam. Gecələr səhərə kimi onunla danışıram. Amma yaman etibarsızdır, mənə cavab vermir. Bir dəfə düz 2 gün qəbrinə gedib ona yalvarmışdım, amma cavab vermirdi.
- Turalın sevdiyi var idi?
- Sevdiyi qız var idi. İstəyirdim, evlənsin. Deyirdi, müharibədən gələndən sonra evlənəcəyəm. Nakam getdi. Məni yandırıb yaxdı, ömrümə ömür dağı çəkdi. Kaş balam sağ olaydı, balamın əli əlimdə olaydı.
Xatırladaq ki, Tural Cuvarov 1996-cı il 1 may tarixində Şəmkir rayonunun Ələsgərli kəndində doğulub. 2003-2014-cü illərdə Şəmkir rayonunun Ələsgərli kəndində yerləşən Nəsir Nəsirov adına orta məktəbdə təhsil alıb. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il 24 sentyabrda ehtiyatda olan hərbi qulluqçu kimi səfərbərliyə alınaraq orduya çağırılıb. Qəhrəman əsgərin döyüş yolu əvvəlcə Füzulidən keçib. Daha sonra isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Oktyabrın 26-da Qubadlı istiqamətində gedən qızğın döyüşlərin birində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Doğulub boya-başa çatdığı Ələsgərli kəndində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!