Polisdən bort kompüteri alıb qaçan şəxs barədə prokurorluğa müraciət edilib
Bərdədə yol polisinin əlindən bort komputeri alıb qaçan şəxs barədə prokurorluğa müraciət edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı 1news.az-a bildirib ki, Bərdə rayonunda polisin əlindən bort komputeri alaraq qaçmağa cəhd göstərən şəxs barəsində rayon polis şöbəsində toplanmış materiallara müvafiq qaydada baxılması üçün rayon prokurorluğuna göndərilib.
Xatırladaq ki, Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb. Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.