Könül Nurullayeva: Etibarlı, təhlükəsiz və faydalı tərəfdaşlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: Etibarlı, təhlükəsiz və faydalı tərəfdaşlıq

10:40 - 01 / 06 / 2023
Könül Nurullayeva: Etibarlı, təhlükəsiz və faydalı tərəfdaşlıq

Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Bu ölkənin dövlət başçısı İsxak Hersoqun ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən bəyanatlar ikitərəfli əlaqələr üçün yeni perspektivlər olduğunu təsdiqlədi. Bu səfər sıx tərəfdaşlıq əlaqələrinin növbəti nümayişi oldu.

Prezident İlham Əliyevin də söylədiyi kimi, aramızda çox fəal siyasi dialoq var və bu səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək.

Məlumdur ki, bu yaxınlarda İsraildə Azərbaycan səfirliyi fəaliyyətə başladı və heç şübhəsiz, diplomatik missiyanın fəaliyyəti də əlaqələri daha yüksək səviyyəyə qaldırmağa təkan verir.

Xalqlararası münasibətlərin hər zaman yüksək səviyyədə olması dövlət başçıları tərəfindən xüsusi vurğulandı.

Prezident İlham Əliyevin də söylədiyi kimi, nizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu i aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.

İqtisadi əlaqələrin inkişafına gəlincə, dövlət başçılarının bəyanatından o da aydın oldu ki, tərəflər növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışır. “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq” deyə Prezident İlham Əliyev bəyan etdi.

İki ölkə etibarlı əməkdaşlıq əlaqələri qurmaqla üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün mövcud imkanları da dəyərləndirirlər. Səfər zamanı irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılmasına dair da razılığın əldə olunması bu sahədə daha geniş perspektivlərin olduğunu deməyə əsas verir.

Belə ki, Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.

Bakıda dövlət başçılarının müzakirə etdiyi ən vacib əməkdaşlıq sahələrindən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Hər iki ölkə kibertəhlükəsizliyə milli təhlükəsizliyin mühüm hissəsi kimi baxır. Xüsusilə gənc nəslin təlim və tədrisə cəlb olunması hər iki ölkə üçün olduqca vacibdir. İsrail və Azərbaycan müdafiə sənayesi sahəsində də uzunmüddətli əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bu vaxta qədər qurulan əməkdaşlıq, 44 günlük Vətən Müharibəsinin gedişatı bir daha göstərdi ki, Azərbaycan müdafiə sənayesi ilə bağlı tərəfdaş seçimində

də hər zaman düşünülmüş addımlar atır. Ölkəmizin uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Tərəflər eyni zamanda qarşılıqlı turist axınının səviyyəsini artırmaqda da maraqlıdır və dövlət başçıları bununla bağlı addımların atılacağını bəyan etdilər.

Dövlət başçılarının iştirakı ilə imzalanan “səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” isə onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu sahədə faydalı əməkdaşlığın nəticələrini görə biləcəyik.

Bir sözlə, İsrail-Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb. Rəsmi səfərlərsən sonra əlaqələrin daha da dərinləşməsi isə artıq zərurətdir. İkitərəfli münasibətlərdə ən vacib məqamlardan biri də budur ki, Azərbaycan və İsrail birliyi heç kimə qarşı yönəlməyib. Burada yalnız qarşılıqlı, faydalı, təhlükəsiz və etibarlı tərəfdaşlıqdan söhbət gedir.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər