Rasim Həsənov Mister Olimpiya müsabiqəsi haqqında: Adi həyatda rast gəlmədiyiniz “canavarlar” arasında yarışdım - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rasim Həsənov Mister Olimpiya müsabiqəsi haqqında: Adi həyatda rast gəlmədiyiniz “canavarlar” arasında yarışdım - FOTO

16:51 - 19 / 06 / 2023
Rasim Həsənov Mister Olimpiya müsabiqəsi haqqında: Adi həyatda rast gəlmədiyiniz “canavarlar” arasında yarışdım - FOTO

Bugünkü qonağımız Azərbaycan idman tarixinə növbəti dəfə öz töhfəsini vermiş, idmançı, atlet və “bodybuilder” - Rasim Həsənovdur.

- Rasim, yenidən xoş gördük sizi. Vaxt itirmədən suallarımıza keçək. Son yarışınız haqqında bizə məlumat verə bilərsiniz?

- Xoş gördük! Sizinlə artıq özümü evimdəki kimi hiss edirəm (gülümsəyir – red.).

Bir neçə gün öncə komandam ilə İspaniyada keçirilən Mister Olympia Amateur turundan qayıtdıq. Bu həm Avropa, həm də Asiya ölkələrindən gələn “bodybuilder”lər arasında ən nüfuzlu turnirlərdən biridir.

- Əsas məsələdən başlayaq: olimpiya medalı qazanmısınız.

- Söz verdiyim kimi gətirdim. Medal mənimlədir. Qeyd edim ki, Azərbaycana ilk dəfə Olimpiya bürüncü gəldi! Bu idmanda tarixi bir məqamdır!

- Uğurunuza görə sizi ürəkdən təbrik edirik! Zənnimizcə, bu elə də asan olmadı.

- Heç asan olmadı. Qatıldığım yarışlar arasında hazırlığı ən ağır olan yarışlardan biri idi. Sözün əsl mənasında (gülümsəyərək – red.) normal həyatımda qarşılaşmayacağım "canavar"lar ilə üz-üzə gəldim. Mən "Mens Physic" kateqoriyasındaolan idmançıyam, burada estetika, bədən həcmi və əzələ keyfiyyəti qiymətləndirilir. Təbii ki, ölçü də vacibdir, lakin ciddi ölçü tələblərinin olmadığı kimi, heç bir məhdudiyyət də yoxdur. "Mens Physic" atletlərinin hər il bir az daha yekə olduğunu gördüm. Bu "canavar"ları (gülümsəyir - red.) həm Avropa, həm də Dünya Çempionatında gördüm. Lakin İspaniya Olimpiadasında gördüklərim heç bir təsvirə uyğun deyildi. Elə ən uyğun müqayisə - məhz nəhəng "canavarlar"dır! (gülür-red).

- Amma güclü rəqibləriniz olmasına baxmayaraq, istəyinizə nail oldunuz. Bu, necə bir hissdir?

-Cazibədar təbəssümümlə yanaşı (gülür-red.) keyfiyyətlə də qalib gəldim. Komandamın peşəkar yanaşması, gərgin məşq və çox sərt rejim sayəsində buna nail ola bildim.

- Komandanızda xüsusi olaraq vurğulamaq istədiyiniz şəxslər varmı?

- Əgər siyahıya başlasam, səhərə qədər burada bir fincandan çox qəhvə içməli olacağıq (gülür-red).

Dəstəklərinə görə bütün idmançı yoldaşlarıma, həmçinin bu müddət ərzində yanımda olan bütün komandama dərin təşəkkürümü bildirmək istəyirəm.

Eləcə də baş məşqçimiz Nadim müəllim, fitnes məşqçimiz Rauf müəllim, ödənişlərin böyük hissəsini öz üzərinə götürən Profitness Akademiyasındaki iş ortağım və dostum Kamran müəllimə də mütəşəkkirəm.

Xüsusilə də uğurlarımda və belə müsahibələrdə iştirakımda mənimlə bu həyatı yaşayan həyat yoldaşım Aytənə təşəkkürümü bildirirəm!

Eləcə də, atlet kimi yetişməyimdə böyük rolu olan və bu günə kimi mənə dəstək olan Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf müəllimi də xüsusi qeyd etmək istərdim.

Ən dərin təşəkkürüm, şəhərin bütün idman zallarında mənə və mənim komandama limitsiz giriş və məşq etmək imkanını yaradan Push 30 şirkətinin direktoru Adil Qasımovadır.

Göstərdiyi maddi dəstəyə görə, "Jrun" şirkətinin direktoru Mixail Maksakova

Daha sonra "Ayan" klinikasına, məşqlərimin ilk günlərindən tam təmənnasız bir şəkildə sağlamlğımı öz öhdəliyinə götürən klinikanın həkimi Nadir Hüseynova böyük minnətdarlığımı bildirirəm.

- Rasim, bu qələbəni kimə həsr etmək istərdiniz?

- Keçən müsahibəmdə dediyim kimi, bu qələbəni Vətənimə, sevimli ölkəmizə və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanımıza həsr edirəm! Qarabağ Azərbaycandır!

- Gələcəkdə bizi nələr gözləyir? Yəqin ki, idmançı karyeranızda bu uğur son olmayacaq?

- Təbii ki, bu son deyil. Olimpiya qızılını almağı planlaşdırıram! Biz növbəti turnirə 100% hazır olacağıq.

- Sizə uğurlar arzu edirik!

- Təşəkkür edirəm.

Müsahibəni götürdü:

Kamran Rəsulzadə, Leyla Məmmədova

Paylaş:
1230

Son xəbərlər

Bütün xəbərlər