Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayının Varvara Ovçuluq Təsərrüfatının ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Arzu Babayeva 1news.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Yevlax rayon sakinləri Məhəmməd Babayev, Rəfael Əsədov, Mingəçevir şəhər sakini Eşqin Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Varvara Ovçuluq Təsərrüfatından keçən hissəsindən sintetik torlar yığışdırılıb”.
A.Babayeva vətəndaşları "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırıb.