Azərbaycanda ötən altı ayda qeydə alınan cinayətlərin sayı açıqlanıb
"Ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 533 cinayət qeydə alınıb. Bu cinayətlərin 95,5 faizi (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllərdir".
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov deyib.
Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 15,4, qəsdən sağlamlığa ağır zərər vurmalar 12,3, əzab vermələr 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 21,7, adam oğurluqları və quldurluqların hər biri 25, soyğunçuluqlar 8,4, xuliqanlıqlar 16,6, oğurluqlar 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlər 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlər 13,6 faiz azalıb.