Sürücü yazılan protokolla razılaşmadı, DYP rəsmisi cavab verdi - FOTO
1news.az-ın redaksiyasına tez-tez vətəndaşlardan müraciət daxil olur. Belə müraciətlərdən biri də qayda pozduğu üçün yol polisi tərəfindən cərimələnən Faiq Bağırovdan daxil olub.
O bildirib ki, Bakı Şəhəri Xan Şuşinski küçəsindən 1 saylı ASAN xidmətin arxasında olan küçəyə - Möhsün Sənani küçəsinə dönəndən sonra yol polisi onu saxlayaraq “Giriş qadağandır” nişanının tələbini pozduğunu deyərək, cərimə edib.
Yazılan cərimədən narazı olan sürücü bildirib ki, Möhsün Sənani küçəsinin girişində hərəkət istiqamətinin sağ tərəfində “Giriş qadağandır” nişanı olsa da Xan Şuşinski küçəsində məcburi hərəkət istiqaməti nişanı olan 4.1.5 Düzünə və ya sola hərəkət nişanı olmayıb.
Belə olan halda sürücü küçəyə daxil olandan sonra giriş qadağandır nişanını görüb və elə o an da yol polisi saxlayıb, cərimə yazıb.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki, əgər sürücü protokolun ona haqsız yazıldığını düşünürsə, rəsmi qaydada müraciəti araşdırıla bilər.
“Lakin, materiallardan aydın görünür ki, sürücü “giriş qadağandır” nişanının tələbini pozaraq, əraziyə daxil olur. Bütün hallarda araşdırmağa hazırıq” – deyə, A.Asgərli qeyd edib.