Bahar Muradova: Qızların doğulmadan öldürülməsi onların sayının azalmasına gətirib çıxaracaq
“Qızlar doğulmadan öldürülürlərsə, bu getdikcə onların sayının azalmasına gətirib çıxarır”.
1news.az xəbər verir ki bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqində deyib.
“Bu ilk illərdə özünü o qədər də büruzə vermir, amma zaman keçdikcə orta məktəblərdə qızların sayının azalmasına gətirib çıxarır. Bu demoqrafik problemlər yaradacaq. Çünki ailələrin qurulması prosesində çətinliklər olacaq. Daha az uşaq dünyaya gələcək. Daha az uşaq dünyaya gəlirsə, deməli, əhalinin sayı azalacaq.
Azərbaycanda vaxtilə çoxuşaqlı ailələr çox olub. Müxtəlif səbəblərdən sayın azalması həm mənəvi, həm də demoqrafiq problemlər yaradır.
Bir də ki bu ayrıseçkilik və qızlara qarşı aşağılayıcı münasibətdir. Bu, qızları dünyaya gətirən anaya qarşı da aşağılayıcı münasibətdir. Çünki bu gün doğulan qız sabahın anasıdır. Onu indidən həyatdan məhrum etməklə gələcəkdə xalqın, dövlətin həyatında iştirakdan da məhrum etməkdir və yolverilməzdir”.