Bahar Muradova: “Azərbaycanla Türkiyə arasında münasibət yüksələn xətlə inkişaf edir”
“Azərbaycanla Türkiyə arasında münasibət yüksələn xətlə inkişaf edir”.
1news.az xəbər verir ki bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqində deyib.
“Dünyada iki belə dövlət tapmaq mümkün deyil ki, onlar arasında bu qədər sıx, mehriban, yaxın əməkdaşlığa və qardaşlığa söykənən münasibətlər olsun. Biz də öz növbəmizdə Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlarla, fondlar və bələdiyyələrlə işimizi qururuq və həm təcrübə mübadiləsi aparırıq, həm də birgə fəaliyyət göstəririk.
Xatirinizdədirsə İstanbulda Türkiyənin Ailəvə Sosial Xidmətlər Nazirliyi ilə 2023-2025-ci illəri əhatə edən bir fəaliyyət planı imzaladıq. Artıq müəyyən bir dövr keçib. Bu müddət ərzində xeyli işlər görmüşük. Burada əsas fəaliyyət planı bərabərlik və qarşılıqlı fayda əsasında ailə, qadın və uşaq məsələləri üzrə siyasi əməkdaşlıq edilməsidir. Bu həm qanun yaradıcılığı, həm effektiv mexanizmlərin yaradılması, həm də ən müxtəlif layihələrin birgə reallaşdırılması prosesinə aiddir. Biz daha çox təcrübə mübadiləsinə üstünlük veririk. Cənab prezidentin də tapşırığı olmuşdu ki, komitədə işləri Türkiyə təcrübəsini öyrənərək həyata keçirərək daha da genişləndirək. Biz də prezidentin tapşırığına əməl edirik. Əməkdaşlarımız onlayn və üz-üzə görüşlər keçirir və ən müxtəlif layihələr ətrafında məsləhətləşirlər”.