Deputat Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirib
Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi.
1news.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov qeyd edib.
"Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur".
"İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək" - deyə, V.Bayramov əlavə edib:
"Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür, edəcəm. Allah bütün məhbusların qapısını açsın".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.
Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.