BMT-nin Cenevrədəki tarixi binasında “Azərbaycan otağı” açılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib.
XİN-dən 1news.az-a bildirilib ki, açılışda BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak edib.
C.Bayramov və T.Valovaya çıxış edib, BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan otağının” olduqca faydalı töhfə olduğunu vurğulayıblar.
2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın təmiri 2022-ci ildə başlanıb. Ən yüksək texnologiyalar əsasında otaqda çoxsayda monitorlar, kameralar, audio-video avadanlıqlar və aksesuarlar quraşdırılıb və həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.
Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otağın girişindən etibarən Azərbaycanın tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə elementləri ilə dizayn edilib. Həmçinin Azərbaycanın memarlığını nümayiş etdirən fotolar xüsusi dizaynla təqdim edilib. Bundan əlavə, Qarabağ xalçası, şəbəkə eksponatı, muğam musiqi alətləri nümayiş etdirilir.
Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Bu baxımdan, belə mötəbər bir binada Azərbaycan otağının fəaliyyəti ölkənin təqdimatı baxımdan yüksək önəm kəsb edir.