İtirilən 57 avtomobil nömrəsi tullantılar arasından tapıldı - FOTO - VİDEO
“Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Tap qaytar” adlı yeni layihəyə başlayıb.
1news.az xəbər verir ki, layihənin təqdimat mərasimi Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda keçirilib.
Əvvəlcə “Təmiz Şəhər” ASC-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı zavodun yaranma tarixi və iş fəaliyyəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, illik gücü 200 min ton olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulub.
Qeyd edilib ki, hər il Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının 800 min tona qədəri qurumun təsərrüfat sahələrinə təhvil verilir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna gətirilən tullantıların bir hissəsinin çeşidlənməsi zamanı bəzən insanların itirdikləri müxtəlif sənədlər və avtomobillərin dövlət qeydiyyat nişanları da tapılır.
Qeyd edək ki, layihə çərçivəsində Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna tullantıların içərisindən çıxan avtomobillərə aid 57 dövlət qeydiyyat nişanı, 8 sürücülük vəsiqəsi və 2 qeydiyyat şəhadətnaməsi sahiblərinə qaytarılması üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşlarına təqdim edilib.
FOTO- VİDEO: Nadir İbrahimli