Metronun “28 May” stansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO
Metronun “28 May” stansiyasının II vestibülünün üç eskalatorundan biri normativlərin tələbinə uyğun aparılan əsaslı təmirdən sonra istifadəyə verilib.
1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, stansiyanın 2010-cu ildən istismarda olan ikinci çıxışında ET-3M tipli üç eskalator fəaliyyətdədir. Texniki tələblərə görə bu tip eskalatorlar 150 min km-dən çox qaçış məsafəsi keçdikdən sonra əsaslı təmirə dayandırılmalıdır. Mayın 19-dan başlanmış təmir dövründə sürahi elementlərinin söküntüsünə başlamaq üçün lent zolağının daraqdan darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunub. Bundan savayı, eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə edilib.
Növbəti mərhələdə markşeyderlər qrupu eskalatorda fermaların çökmə səviyyəsini, mərkəzdən qaçma və digər parametrlərin ölçülməsi üzrə iş aparıblar. Təmir müddətində zəruri olan hissə və qovşaqlar müvafiq ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunub.
Təmir başa çatdırıldıqdan sonra diqanostik müayinələr aparılıb. Metropolitenin qazan nəzarəti üzrə müfəttişliyi istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirərək, eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edilir ki, bu tip eskalatorların istismar müddəti 40 ildir.