Kamran Əliyev: “İranda saxlanılan azərbaycanlı tələbə ilə bağlı danışıqların müsbət nəticə verəcəyinə ümid edirəm”
"İranda saxlanılan tələbəmizlə bağlı iranlı həmkarımla danışıqlar aparmışıq və müsbət nəticələr əldə olunacağına ümid edirəm".
1news.az "Report"a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev İranda saxlanılan tələbəmizlə bağlı sualı cavablandırarkən deyib.
"Bu məsələni İranın Baş prokuroru ilə müzakirə etdik. Detalları barədə məlumat vermək istəməzdim. Onu deyə bilərəm ki, məsələ müzakirə edilib və ümid edirik ki, müsbət nəticələr əldə olunacaq", - o bildirib.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.