DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib
Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili və rus dili (xarici dil) fənləri üzrə işçi qruplarının ilk iclasları keçirilib.
DİM-dən 1news.az-a bildirilib ki, iclasda imtahan proqramları və imtahan modellərinə uyğun sınaq imtahanı variant müzakirə edilib.
İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edərək, buraxılış və qəbul imtahanları proqramlarının sentyabr ayında DİM-in saytında yerləşdirildiyini bildirib. Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu, ədəbiyyat siyahısı və dərsliklərlə bağlı materiallarla tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı variantının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası oktyabrın 11-də keçiriləcək.