“QS Quacquarelli Symonds” nümayəndələri ilə Azərbaycan universitetlərinin rəhbərləri arasında görüş olub
3 oktyabr 2023-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Bakı Dövlət Universitetinin ev sahibliyi ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” nümayəndələri ilə Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri arasında görüş baş tutub.
TKTA-dan 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” arasında icrası davam edən “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılması” layihəsi çərçivəsində baş tutan görüşün əsas məqsədi QS reytinqlərində Azərbaycan ali təhsil müəssisələrinin nəticələri və növbəti reytinqlərdə irəliləməsi barədə müzakirələrin aparılmasından ibarətdir.
Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qlobal reytinqlərdə iştirakın ali təhsil müəssisələrinin beynəlxalq rəqabətə davamlılığının artırılması üçün vacibliyini qeyd edib və ali təhsil müəssisələrini sözügedən prosesdə aktiv iştiraka və əməkdaşlığa dəvət edib.
Onlayn təqdimatla çıxış edən QS agentliyinin nümayəndəsi Veronika Omeni beynəlxalq reytinqlərin ali təhsil müəssisələri üçün prestij baxımından önəmini vurğulayıb. Eyni zamanda, bu prosesdə ölkə üzrə ümumi göstəricilərin yaxşılaşdırılması üçün ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusilə qeyd edib.
QS agentliyinin konsaltinq layihələri üzrə koordinatoru Dara Buxtoyarovanın moderatorluğu ilə davam edən görüşdə reytinqlərə hazırlıq və davamlı iştirak ilə bağlı ali təhsil müəssisələrinin rəhbərləri arasında müzakirələr aparılıb.
Qeyd edək ki, görüşdə ölkənin 15-ə yaxın qabaqcıl ali təhsil müəssisəsinin rektorları iştirak edib.