Bakıda daha bir poliklinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Agentlik tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin 2 nömrəli poliklinika şöbəsində yerləşən rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.