Bu gün istiqlal şairi Əhməd Cavadın anım günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün istiqlal şairi Əhməd Cavadın anım günüdür

14:02 - 12 / 10 / 2023
Bu gün istiqlal şairi Əhməd Cavadın anım günüdür

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür.

XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın öldürülməsindən 86 il ötsə də xalqımız öz şair oğlunu heç vaxt unutmayıb.

1news.az xəbər verir ki, 2022-ci ildə ölkə başçısının müvafiq Sərəncam ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilib.

Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alır, üç il orada oxuyur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs deyib. Birinci Cahan müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.

Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlib. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.

Ə.Cavad “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. ADR-in milli marşlarının əksəriyyətini o yazmışdı. Bu gün dünya meridianlarında səslənən himnimizin mətnini də o qələmə almışdır. Lakin Əhməd Cavadı şagirdlərə təkcə şair kimi tanıtmaq düzgün olmazdı. O, konkret faktlara istinad edilməklə istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Demokratik Cümhuriyyətinin baş ideoloqlarından biri kimi tanıdılmalıdır.

1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.

Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan ozamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan -doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.

Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.

Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

Paylaş:
496

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər