Baş nazir: Ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artıb

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoymuş və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
Əli Əsədov dövlət büdcəsinin xərclərinin 30 dəfə artdığını deyib:
“Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.
Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunub”.
Baş nazir birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil etdiyini əlavə edib.