Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

16:22 - 21 / 10 / 2023
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair Xəlil Rza Ulutürk milli-demokratik hərəkatımızın yorulmaz mücahidlərindən idi.

O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.

1news.az xadırladır ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 91 il ötür.

Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışıb.

Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak edən Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali ədəbiyyat kurslarına göndərir. Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.

Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.

1991-ci il mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.

Paylaş:
550

Son xəbərlər

“Zəfər Gününüz mübarək!” - Mehriban Əliyevadan PAYLAŞIMBu gün, 00:32İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edibBu gün, 00:29Bu gün Azərbaycanda Zəfər GünüdürBu gün, 00:24DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO07 / 11 / 2024, 20:30COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin test və etiketlənməsinə başlanıb07 / 11 / 2024, 17:58Dünya liderləri COP29-da iştirak etmək üçün Bakıya toplaşır - ADLAR07 / 11 / 2024, 17:52Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb - FOTO07 / 11 / 2024, 17:49COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda peşə təhsili distant formata keçir07 / 11 / 2024, 17:38“Ağ Şəhər”də “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub - FOTO07 / 11 / 2024, 17:27Bayram günlərində hava necə olacaq? - PROQNOZ07 / 11 / 2024, 17:26Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək innovativ məhsullar müəyyən olunub07 / 11 / 2024, 17:24Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib07 / 11 / 2024, 17:23“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO07 / 11 / 2024, 17:20Ceyhun Bayramov və Xose Manuel Albares Bueno arasında telefon danışığı baş tutub07 / 11 / 2024, 17:16Fərid Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib07 / 11 / 2024, 17:15Bəzi şəhadətnamələr saxtalaşdırılır - TKTA-dan xarci diplomların tanınması ilə bağlı XƏBƏRDARLIQ07 / 11 / 2024, 16:59İlham Əliyev moldovalı həmkarını təbrik edib07 / 11 / 2024, 16:40Zəfər günü ilə bağlı Bakıda nəqliyyatın hərəkətində fasilə olacaq - DYP sürücülərə müraciət etdi07 / 11 / 2024, 16:19Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin doğum günüdür07 / 11 / 2024, 16:16Meteo.az mobil tətbiqi istifadəyə verilib07 / 11 / 2024, 15:58
Bütün xəbərlər