Bu gün Müslüm Maqomayevin anım günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Müslüm Maqomayevin anım günüdür

11:09 - 25 / 10 / 2023
Bu gün Müslüm Maqomayevin anım günüdür

Azərbaycan musiqi mədəniyyəti tarixində onun əvəzolunmaz yeri var.

Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir...

1news.az xəbər verir ki, bu gün dahi sənətkarın vəfatından 15 il ötür.

Hər bir kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb. Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən, gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içindən bir şükranlıq keçir, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən. Bütün bunlar bir daha göstərir ki, qalibiyyət yalnız və yalnız Tanrı istedadını öz zəhməti sayəsində cilalamağı bacaranlara məxsusdur. Əbədiyaşarlığın kökündə, mayasında fitri istedadla yanaşı, onu qorumağı, tanıtmağı və milyonlara sevdirməyi bacarmaq dayanır.

Səksən il bundan öncə avqustun 17-də dünyaya göz açan Müslüm bütün bu yer üzünə sadədən sadə, adidən adi gəldi. İkinci cahan savaşının o qanlı-qadalı illərində bütün narahatlıqlara, gərginliklərə baxmayaraq, gəlişi ilə sanki doğmalarının qəlbinə bir sakitlik, həlimlik gətirdi. Hamı kimi o da müharibənin ağrısını-acısını daddı, doğma, əziz atasını itirdi. Amma özünü itirmədi, hər addımda, hər yerdə özü olmağı bacardı.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin gözəl tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Müslüm Maqomayev 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı Birinci Fəxri xiyabanda dəfn olunub.

Dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri dövlət səviyyəsində keçirilib.

Bu il sənətkarın anadan olmasının 80 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmaqdadı. 2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dünyanı fəth edən bariton Müslüm Maqomayevin ölümündən on dörd il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində özünə əbədi yuva salıb.

Paylaş:
503

Son xəbərlər

Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:25
Bütün xəbərlər