QAİ: Bu fəaliyyətlər UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir
"Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir".
1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında qeyd edilib.
Bildirilib ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir: "Bu dəfə “estafeti” Fransanın mədəniyyət naziri qəbul etmişdir. Fransız nazir ölkəsinin “Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını” bildirmişdir. Hiss olunur ki, özlərindən müştəbeh Fransa rəsmilərinin beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, davranış barədə bilikləri ibtidai səviyyədədir. Əks təqdirdə, suveren dövlətin razılığı olmadan belə yaramaz və irqçi əməllərlə məşğul olmazdılar.
Fransanın bu açıqlaması açıq-aşkar həyasızlıqdır. Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Fransanın mədəniyyət naziri qoy gedib ölkəsinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsun. Azərbaycanın şarlatanlardan öyrənəcəyi bir şey yoxdur".
İcmadan qeyd edilib ki, fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirməlidir.
"Fransanın ikinci Qarabağ müharibəsindən sonra UNESCO-da anti-Azərbaycan fəaliyyəti, UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirməsi bu təşkilatın müstəqilliyinə ciddi xələl gətirmişdir. Fransa UNESCO-nun baş qərargahının ölkə ərazisində olmasından sui-istifadə edərək humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir və gözdən salır. Hesab edirik ki, bütün bu baş verənlər UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir", - məlumatda vurğulanıb.