Unikal UWC təhsili artıq Azərbaycanda! - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Unikal UWC təhsili artıq Azərbaycanda! - FOTO - VİDEO

13:12 - 01 / 11 / 2023
Unikal UWC təhsili artıq Azərbaycanda! - FOTO - VİDEO

Birləşmiş Dünya Kollecləri yəni UWC (United World Colleges) 4 qitədə və 18 ölkədə yerləşən kollecləri ilə dünyanın ən nüfuzlu təhsil ocaqlarından hesab olunur.

Quruluşunun 60 illiyini qeyd edən UWC, buraxılış siniflərində təhsil alan Azərbaycanlı yeniyetmələr üçün də artıq əlçatandır. Bu unikal təhsil imkanını Azərbaycanlı istedadlara təqdim edən UWC Azərbaycan Milli Komitəsi ötən ay, sentyabrın 22-də keçirdiyi Qala tədbirdə bir araya gəlmiş ölkənin elm, təhsil və iş dünyasının qabaqcıl simalarına UWC təhsili və Komitənin uğurlu fəaliyyəti barədə təqdimat etdi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini cənab Edvard Evans UWC təhsilinin dünya sülhünün qorunub saxlanmasına verdiyi töhfədən bəhs etdi. Daha sonra çıxış edən Harvard Universitetində ixtisasartırma proqramının, eləcə də Böyük Britaniya və Fransa dövlət proqramlarının məzunu və UWC Azərbaycan Milli Komitəsinin qurucu üzvlərindən olan Aytən Şahmarova bildirdi ki, UWC əzbərçi tədris metodundan uzaqlaşıb, şagirdlərdə analitik düşüncə tərzi, effektiv ünsiyyət və tədqiqat kimi vacib bacarıqları təkmilləşdirdiyi, ən nəcib insani dəyərləri təlqin etdiyi üçün Avropanın kral ailələrinin varisləri, Nelson Mandelanın övladları və nəvələri, müasir dünya ölkələrinin dövlət və özəl sektorunun aparıcı nümayəndələri məhz UWC təhsili almağa üstünlük veriblər. Şagirdlərinin həm fiziki həm də mental cəhətdən sağlamlığına böyük əhəmiyyət verən UWC Kolleclərində yeniyetmələrə öz qayğılarına qalmağı, eyni zamanda ətraf mühiti qorumağı öyrədirlər.

Təqdimata davam edən Komitənin həmsədri, Harvard Universitetinin doktorantura pilləsi üzrə tələbəsi Səma Məmmədova könüllü əsasda fəaliyyət göstərən Milli Komitənin fəaliyyətindən və bu müddət ərzində əldə olunan böyük nailiyyətlərindən danışdı. O qeyd etdi ki, bu gün sülhə investisiya etmək istəyənlər ya UWC təhsili alır ya da UWC təhsili alan gənclərə təqaüd verir. Bristol Universitetinin, ABŞ və Böyük Britaniya dövlət proqramlarının məzunu və Milli Komitənin qurucu üzvlərindən olan Günel İsakova tədbir iştirakçıları ilə birəbir söhbətlərində UWC təhsili barədə geniş məlumat təqdim etdi.

UWC təhsili öz həyat və fəaliyyətləri boyunca sülh və daimi inkişaf naminə çalışacaq bilikli və mənəvi dəyərlərə malik liderlər yetişdirmək məqsədini daşıyır. Bu əvəzolunmaz təhsili öz şagirdlərinə əlçatan edən UWC Azərbaycan Milli Komitəsi 2021-ci ildən etibarən könüllü əsasda bir araya gələn maarifpərvər Azərbaycanlı gənclərin gərgin əməyi nəticəsində qurulmuşdur. Komitə bu qısa müddət ərzində UWC hərəkatında öz layiqli yerini tutmuş və artıq 8 Azərbaycanlı yeniyetməyə 80 faizdən çox təqaüdlə Yaponiya, Norveç, Niderland, İtaliya, Hindistan, Çin və Honkonqda yerləşən UWC məktəblərində təhsil imkanı təqdim etmişdir. Qeyd etmək lazımdır ki, 2 illik tədris proqramından ibarət UWC Kolleclərində illik təhsil haqqı 50 – 120 min manat məbləğindədir. Təqdim olunan təqaüdlərlə bu məktəblərdə ölkəmizin ən ucqar ərazilərindən olan aztəminatlı ailələrin istedadlı əlaçı şagirdləri təhsil ala bilirlər.

2024-2026 tədris illərində təhsil alacaq şagirdlərin ərizə qəbulu mərhələsi artıq başlayıb. Ərizə qəbulu şərtləri, seçim mərhələləri və UWC Kollecləri barədə ətraflı məlumat almaq istəyənlər Milli Komitənin rəsmi internet səhifəsinə (www.az.uwc.org), eləcə də İnstagram (@uwcazerbaijan) və Facebook (facebook.com/uwcazerbaijan) səhifələrinə müraciət edə bilər. Qeyd etmək lazımdır ki, UWC təhsili ənənəvi tədris proqramından daha mürəkkəb olsa da, Azərbaycanın istedadlı əlaçıları üçün dünyanın ən qabaqcıl ali məktəblərinin qapısını açmağa qadirdir.

UWC - yə ərizə ilə müraciət etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər