Şuşanın sabiq Qərargah rəisi: “Xaçatryanı milli irqçilik və münaqişə yaratdığına görə həbs etmişdik” - YENİLƏNİB
"Biz Xaçatryanı Qarabağda milli irqi-ayrıseçkilk və münaqişə yaratdığına görə həbs etmişdik".
1news.az "Report"a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesində o zaman Şuşanın Post-patrul xidmətinin Qərargah rəisi Azay Kərimov deyib.
O, Xaçatryanı yaxşı tanıdığını bildirib.
"SSRİ qoşunlarından baş leytenant kimi Azərbaycana gəlmişdim. Şuşanın Post-patrul xidmətinin qərargah rəisi vəzifəsində çalışmışam. O zaman bir nömrəli terrorçu qrupların rəhbərləri Samvel Babayan, Armais, Köçəryan, Balasanyan və Serj Sarkisyan idi. Adlarını çəkdiyim şəxslərin dəstələri Qarabağın müxtəlif rayonlarına, kəndlərinə, şəhərlərinə daxil olub münaqişə yaradaraq anti-Azərbaycan təbliğatı aparırdılar. Əmrə tabe olmayanları döyüb, qadınlara zor tətbiq edirdilər. Vaqif bu şəxslərdən idi və o, daha çox Vladik ləqəbi ilə tanınırdı. Onu həbs edib Şuşa türməsinə apardıq. Vaqif Şuşa türməsində olanda bizə deyildi ki, dişi ilə damarını kəsib. Biz onu xəstəxanaya apardıq. Orada hətta dişləri ilə tikişləri söküb özünə yenidən xəsarət yetirmək istəyirdi. Vaqif 2 aydan sonra oradan qaçdı. Bax, Meşəli soyqırımı da bundan sonra başladı. Meşəli hadisələri olanda mən Malibəylidə idim. Meşəlidən 2 gün sonra gəldim. Ermənilər qarətlə məşğul idilər. Hətta heyvanları da yandırıb güllələmişdilər. Dağlıq Qarabağda yaşayan ermənilərin 95 faizi keçmiş daxili İşlər naziri Ramil Usubova "işləyirdi". Ona görə də biz onların təxribatından tez xəbərdar olub qarşısını alırdıq. Ermənilərin anti-Azərbaycan təbliğatına görə 337 ermənini həbs etdik", - A.Kərimov qeyd edib.
09:20
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
1news.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Bu gün cinayət işi üzrə məhkəmə istintaqın başa çatacağı və prokurorun təqsirləndirilən şəxsə cəza tələb edəcəyi gözlənilir.
Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.