“ASAN xidmət” Ermənistanda keçirilmiş beynəlxalq tədbirdə diqqət mərkəzində - FOTO
8-9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının paytaxtı İrəvan şəhərində BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralının Rəhbər Komitəsinin Yeddinci Sessiyası və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Regional İcmalına dair tədbir keçirilib.
1news.az xəbər verir ki, Məqsəd Asiya və Sakit Okean Hövzəsi ölkələrində rəqəmsal texnologiyaların və ağıllı cəmiyyət quruculuğu istiqamətində uğurlu təcrübələrin təşviqi, o cümlədən, Asiya-Sakit Okean İnformasiya Supermagistralının İşçi Qruplarının illik hesabatlarının nümayişi olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupunun rəhbəri kimi tədbirə onlayn qoşulub. O, Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” təcrübəsinin 20-dən çox ölkə tərəfindən öyrənilməsindən, bu modelin, rəqəmsal həllərimizin BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlara layiq bilinməsindən söz açılıb. Həmçinin bu amillərin “ASAN xidmət” yanaşmasının uğurlu model kimi beynəlxalq səviyyədə tanındığının bariz nümunəsi olduğunu qeyd edib. İşçi qrup çərçivəsində ölkələr arasında bilik, təcrübə transferi və beynəlxalq ekspertlərin cəlbi ilə üzv ölkələrdə dayanıqlı inkişafa dəstək üzrə görülmüş işlərə dair məlumat verilib.
Tədbirdə Azərbaycan ilə yanaşı 10 ölkənin və 20-dən çox qlobal korporasiyanın nümayəndələrinin iştirakı ilə qlobal trendlər və 4-cü Sənaye İnqilabı Texnologiyalarının üzv ölkələrdə tətbiqi üzrə birgə fəaliyyətlərə dair müzakirələr aparılıb.