Ucar rayonunda sursat aşkarlanıb
Ucar rayonunda hərbi sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd "TOZ-8" markalı silah, 1 ədəd UZRQM partladıcı, 221 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif növ döyüş sursatının hissələri aşkarlanıb.
RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən profilaktiki-nəzarət tədbirləri zamanı isə rayonun Alpout, Qaradağlı və Şahlıq kənd sakinindən ümumilikdə dörd ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.