Ali Məhkəmə və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib - FOTO
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “İfadə azadlığı: hüquqi təminatlar və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər” mövzusunda seminar keçirilib.
1news.az xəbər verir ki, tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ali Məhkəmənin hakimləri, MEDİA-nın nümayəndələri və tələbələr iştirak ediblər.
Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov çıxışında fikir və söz azadlığının hüquqi cəmiyyətdəki rolundan danışaraq bildirib ki, mediadan şəxslərin qanunla qorunan mənafelərinə zidd sui-istifadə halı ifadə azadlığının təminatlarının zəifləməsinə səbəb ola bilər. Məhz bu baxımdan insan hüquqlarına dair beynəlxalq aktlarda, milli qanunlarda sözügedən azadlığın cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılması, eləcə də bu sahədə olan məhkəmə təcrübəsi diqqətə çatdırılıb.
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov isə tələbələrə ifadə azadlığının cinayət hüquqi aspektləri haqqında ətraflı məlumat verib, seminar iştirakçılarını böhtan və təhqir cinayət əməllərinin anlayışı, tövsifi və məhkəmə icraatı barədə məlumatlandırıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.