İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində AİH-nin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əməliyyat göstəricilərinə dair əsas nəticələr, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-lərin borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub.
İclasda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.