“İçərişəhər” və “İçan-Qala” arasında əməkdaşlıq protokolu imzalanıb
4 dekabr 2023-cü il tarixində “İçəriçəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistan Respublikasının Xarəzm vilayəti hökümətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti və Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovu qəbul edib.
1news.az xəbər verir ki, görüşün əsas məqsədi "İçərişəhər” DTMQ və “İçan-Qala” Dövlət Muzey Qoruğu arasında əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol”un imzalanmasıdır.
Protokol “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanmışdır. Daha sonra qonaqların Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olması üçün ekskursiya təşkil edilmişdir.
Qeyd edək ki, imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.