DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən 1news.az-a daxil olan müraciətdə deyilir:
"Hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də ölkənin avtomobil yollarında duman müşahidə edilir.
Dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.