PFL prezidenti və vitse-prezidenti əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdir, onlar hazırlıqlardan sonra əməliyyata alınacaqlar.
1news.az xəbər verir ki, bu barədə "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında məlumat verib.
O, PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: "Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib".
Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: "Vəziyyətləri sabitdir, stasionara yatırılıblar".