Daşkəsən rayonunun ucqar kəndlərinin sakinləri ilə növbəti görüş keçirilib - FOTO
Dekabrın 20-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də “Şadax” adlandırılan yaşayış məskəninin sakinləri ilə növbəti görüşü keçirilib.
Görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi bölgədə yerləşən kənd və qəsəbələrin sakinlərinin rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində icra olunan layihələrdən danışıb. Qeyd olunub ki, ötən dövr ərzində Daşkəsəndə məşğulluğun artırılması, mikro sahibkarlığın inkişafına dəstək, sağlamlıq, təhsil və maarifləndirmə sahəsi ilə bağlı təşkil edilən çoxsaylı tədbirlər sosial xarakterli dövlət proqramlarına töhfə xarakteri daşımaqla, sözügedən istiqamətlərdə kifayət qədər müsbət nəticələrin əldə edilməsinə səbəb olub.
Görüşdə, həmçinin Səhmdar Cəmiyyət tərəfindən 2024-cü ildə icrası planlaşdırılan yeni sosial layihələr barədə məlumat verilib. Bildirilib ki, növbəti il üçün “AzerGold” QSC-nin KSM layihələri ilə bağlı tədbirlər planı yerli icmaların təklifləri və sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Sonda görüş iştirakçılarına “AzerGold” QSC adından bayram sovqatları paylanılıb.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində bölgə əhalisi ilə ənənəvi görüşlərin təşkili növbəti ildə də davam etdiriləcək.
Reklam hüququnda