Bu gün böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anım günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anım günüdür

17:31 - 04 / 01 / 2024
Bu gün böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anım günüdür

Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin vəfatının 92-ci ildönümü tamam olur.

1news.az xəbər verir ki, o, realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib.

İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərq-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.

1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.

7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.

Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.

Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.

Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizmi kəskin tənqid atəşinə tutub.

Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.

Böyük ədib 1932-ci il yanvarın 4-də Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Paylaş:
494

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər