Bu gün Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür

15:30 - 08 / 01 / 2024
Bu gün Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür

Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 104 il ötür.

Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

1news.az xəbər verir ki, Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Paylaş:
321

Son xəbərlər

Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54
Bütün xəbərlər